BAKI, 22 yanvar. TELEQRAF
ChatGPT yetkinlik yaşına çatmayanların müdafiəsini gücləndirmək məqsədilə istifadəçilərin yaşını avtomatik müəyyən etməyə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə "DW" yazır.
"OpenAI"nin yeni sistemi hesabın mövcudluq müddəti, aktivlik vaxtları və sorğuların xarakteri daxil olmaqla müxtəlif məlumatları təhlil edərək istifadəçinin 18 yaşdan kiçik olub-olmadığını qiymətləndirəcək.
Əgər alqoritm istifadəçinin yeniyetmə olduğu qənaətinə gələrsə, "ChatGPT"də əlavə təhlükəsizlik tədbirləri aktivləşdiriləcək. Bu tədbirlər zorakılıq, seksual məzmun, özünə zərər vermə ilə bağlı materiallar, eləcə də təhlükəli və riskli davranışlara sövq edə bilən viral onlayn çağırışlara çıxışı məhdudlaşdıracaq.
"OpenAI" vurğulayır ki, yaşın proqnozlaşdırılması sistemi uşaq inkişafı sahəsində ekspert rəyləri və akademik tədqiqatlara əsaslanaraq hazırlanıb. Bununla yanaşı, yeniyetmələr "ChatGPT"dən təhsil, yaradıcılıq və arayış məlumatları üçün istifadə etməyə davam edə biləcəklər.