BAKI, 22 yanvar. TELEQRAF

NATO rəsmiləri ABŞ prezidenti Donald Trampın Qrenlandiya məsələsində Danimarkanın güzəştə getməyəcəyi təqdirdə Ukraynaya yardımı dayandırmaqla hədələyə biləcəyindən narahatdırlar.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "The i Paper" qəzeti yazıb.

Nəşrin məlumatına görə, NATO-dakı mənbələrdən biri Trampın Kiyevə göstərilən hərbi və ya kəşfiyyat dəstəyini danışıqlarda təzyiq aləti kimi istifadə edə biləcəyini istisna etmir.

Məqalədə bildirilir ki, alyansın yüksək vəzifəli nümayəndələri ABŞ prezidentinin Danimarka Qrenlandiya ilə bağlı tələblərini qəbul etmədiyi halda Ukraynaya həyati əhəmiyyətli yardımın dayandırılması ilə hədələyə biləcəyindən ehtiyatlanırlar.

Qeyd edək ki, daha əvvəl "The i Paper" NATO-ya üzv ölkələrin Qrenlandiya ətrafında yaranmış vəziyyət səbəbindən ABŞ ilə kəşfiyyat məlumatlarının paylaşımını dayandırdıqlarını yazmışdı.