BAKI, 22 yanvar. TELEQRAF

“Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasında Almaniyanın “Ayntraxt Frankfurt” klubu üzərində qazanılan dramatik qələbəni şərh edib.

Teleqraf xəbər verir ki, 34 yaşlı oyunçu UEFA-nın rəsmi saytına açıqlamasında son saniyələrdə gələn qələbəni möhtəşəm hadisə adlandırıb: “Son dəqiqədə, hətta saniyələr qalmış qələbə qazanmaq inanılmaz hissdir. Biz üçüncü qolu vuran kimi hakim final fitini çaldı. Çox ağır mübarizə oldu, meydanda bütün gücümüzü qoyduq və sonda qalib gəldik. Bu nəticə bizim üçün möhtəşəmdir və çox xoşbəxtik”.

Kapitan komandanın əzmkarlığını xüsusi qeyd edib: “Mübarizədən heç vaxt vaz keçməməyimiz bu qələbədə əsas rol oynadı”.

Növbəti turda “Liverpul”a qarşı keçiriləcək oyun barədə danışan Zubir rəqibin gücünü qeyd edib: “Bizi daha bir çətin sınaq gözləyir. Dünyanın ən böyük və fantastik komandalarından birinə qarşı oynayacağımızı bilirik. Bunun nə dərəcədə çətin olduğunu başa düşsək də, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Meydanda bütün gücümüzü ortaya qoyub sonda hansı nəticəni qazanacağımızı görəcəyik”.

Qeyd edək ki, "Qarabağ" "Ayntraxt Frankfurt"u 3:2 hesabı ilə məğlub edib.