BAKI, 22 yanvar. TELEQRAF

Almaniyanın “Ayntraxt Frankfurt” klubunun idman direktoru Markus Kröşe UEFA Çempionlar Liqasında Bakıda “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Teleqraf xəbər verir ki, Kröşe Almaniya mətbuatına açıqlamasında buraxılan səhvlərin məğlubiyyətə səbəb olduğunu bildirib: “Çox acı bir nəticədir. Son həftələrdə yol verdiyimiz eyni səhvləri təkrarladıq və qələbəni əldən verdik. Hazırda birlikdə keçməli olduğumuz dərin bir böhran yaşayırıq. Təbii ki, hər şeyi fərqli təsəvvür edirdik. İndi əsas məqsədimiz işimizə davam etmək və diqqətimizi Bundesliqaya yönəltməkdir.

Klub rəsmisi, həmçinin baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən məşqçilər korpusunun Bundesliqanın növbəti turunda “Hoffenhaym”la oyunda da komandanın başında olacağını təsdiqləyib.