BAKI, 20 yanvar. TELEQRAF

Kürd koalisiyası olan Suriya Demokratik Qüvvələri (SDQ) Suriyanın Həsəkə vilayətinin cənubunda yerləşən Əş-Şəddadi şəhərindəki həbsxanadan təxminən 1,5 min terrorçunun qaçdığını iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə SDQ nümayəndəsi Fərhad Şami açıqlama verib.

Onun sözlərinə görə, kürd silahlı birləşmələri penitensiar müəssisənin ərazisini tərk etdikdən sonra hökumət qüvvələri ilə əlaqəli silahlı qruplar həbsxanadakı bütün “İslam Dövləti” terror təşkilatının üzvlərini azad ediblər. Bildirilib ki, söhbət sayı təxminən 1,5 min olan məhbuslardan gedir.

Şami iddia edib ki, azad edilən silahlılar sonradan hücum həyata keçirən qruplara qoşulublar.

Xatırladaq ki, bundan əvvəl SDQ Əş-Şəddadi həbsxanasına Dəməşqlə əlaqəli silahlı qrupların hücumları nəticəsində penitensiar müəssisəyə nəzarəti itirdiklərini açıqlamışdı. Həmin həbsxanada minlərlə İŞİD tərəfdarının saxlanıldığı bildirilirdi.

Öz növbəsində, Suriyanın keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi toqquşmalarla bağlı iddiaları təkzib edib və məhbusların qəsdən azad edilməsinə görə məsuliyyəti SDQ-nin üzərinə qoyub. Müvəqqəti Suriya hakimiyyəti kürd koalisiyasını terrorizm problemini təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib və SDQ rəhbərliyini İŞİD üzvlərinin qaçmasına şərait yarada biləcək “düşünülməmiş addımlardan” çəkinməyə çağırıb.