BAKI, 19 yanvar. TELEQRAF

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf xəbər verir ki, turnirin çempionu olan Seneqal millisinin kapitanı Sadio Mane bu ada layiq görülüb.

33 yaşlı hücumçu turnir boyu iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Mərakeş yığmasına qarşı keçirilən gərgin final oyununda Mane həm də liderlik keyfiyyətləri ilə diqqət çəkib. Belə ki, matçın 90+8-ci dəqiqəsində Seneqalın qapısına təyin edilən penaltiyə etiraz olaraq baş məşqçinin komandanı meydandan çıxarmaq qərarına Mane müdaxilə edərək futbolçuları oyuna qaytarıb.

Mərakeşin ulduz oyunçusu Brahim Diasın penaltini boşa verməsi ilə əlavə vaxta gedən görüşdə Seneqal Pape Quyenin 94-cü dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanaraq çempion olub.