BAKI, 19 yanvar. TELEQRAF
Suriyanın keçid dövrü üzrə dövlət başçısı Əhməd aş-Şaraa Almaniyaya planlaşdırılan səfərindən və Almaniya rəhbərliyi ilə nəzərdə tutulan görüşlərdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Əhməd aş-Şaraa Berlində Almaniyanın yüksək rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırırdı.
Məlumata görə, səfər çərçivəsində Əhməd aş-Şaraanın Almaniya kansleri Fridrix Merts və Almaniya Prezidenti Valter Ştaynmayer ilə görüşləri nəzərdə tutulurdu. Eyni zamanda, iri alman biznes dairələrinin nümayəndələri ilə də görüşlərin keçirilməsi planlaşdırılmışdı.
Hazırda tərəflərdən heç biri səfərin və görüşlərin ləğv edilməsinin səbəbi ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, bundan əvvəl Suriya ordusu kürd muxtariyyətinin ərazisinə daxil olub. Daha sonra Suriya hakimiyyəti ilə kürd silahlı dəstələri arasında atəşkəs barədə razılaşma əldə edilib.