BAKI, 18 yanvar. TELEQRAF

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ay missiyası üçün nəzərdə tutulan "Space Launch System"(SLS) daşıyıcı raketinin və Orion kosmik gəmisinin Florida ştatındakı start meydançasına çatdırıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurum "X" sosial şəbəkəsində paylaşım edib.

"Artemis II" missiyası üçün hazırlanan raket və kosmik gəmi Kennedi adına Kosmik Mərkəzin şaquli yığım binasından çıxarılaraq start platformasına yerləşdirilib.

Qeyd olunur ki, "Artemis II" missiyasının buraxılışı üçün vaxt pəncərəsi fevralın 6-dan açılır. Missiya çərçivəsində dörd astronavt Ay ətrafında dövrə vuracaq.

NASA-nın rəhbəri Cared Ayzekman yanvarın 17-də keçirdiyi mətbuat konfransında buraxılışın dəqiq tarixini açıqlamayıb. Onun sözlərinə görə, startdan əvvəl bütün sınaqların tam başa çatdırılması vacibdir. Ayzekman ekipajın və texniki heyətin missiyaya tam hazır olduğuna əminliyini ifadə edib.