BAKI, 27 dekabr. TELEQRAF

Avstraliyanın baş naziri Entoni Albanizi Sidneydəki Bondi sahilində yəhudi icmasına qarşı törədilən terror hücumu zamanı mülki şəxsləri və xilasediciləri qorumaq üçün həyatlarını riskə atan şəxslər üçün xüsusi milli şücaət mükafatının təsis ediləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, baş nazir bildirib ki, Hanuka bayramı zamanı baş verən və 15 nəfərin ölümü ilə nəticələnən hücum Avstraliya cəmiyyətinə dərin təsir göstərib.

“Bu Milad əvvəlkilərdən fərqlidir. Çünki biz İŞİD və antisemit motivli terror hücumunun ağrısını yaşayırıq. Amma eyni zamanda insanlığın ən gözəl tərəfini cəsarəti, mərhəməti və fədakarlığı da gördük”, – Albanizi deyib.

Mükafat terror hücumu zamanı təhlükəyə doğru qaçaraq insanları xilas edən şəxslərə, o cümlədən hücumçulardan birini zərərsizləşdirən və özü də yaralanan Suriya əsilli müsəlman avstraliyalı Əhməd əl-Əhmədə təqdim olunacaq.

Qeyd edək ki, dekabrın 14-də baş verən hücum Avstraliyada 1996-cı ildən bəri ən qanlı kütləvi qətliam kimi qiymətləndirilir. Hücum zamanı polis tərəfindən öldürülən Sajid Əkrəm və onun oğlu Nəvid Əkrəm terror aktının icraçıları hesab olunur.

Hücumdan sonra ştat parlamenti ölkə tarixində ən sərt silah qanunlarını qəbul edib. Qanunlara əsasən, fərdi silah sahibliyinə məhdudiyyətlər qoyulub, yüksək riskli silahların dövriyyəsi sərtləşdirilib və terror simvollarının ictimai nümayişi qadağan edilib.

Baş nazir Albanizi həmçinin ölkə üzrə silah nəzarətinin daha da gücləndiriləcəyini açıqlayıb.