BAKI, 2 aprel. TELEQRAF
Akademik Milli Dram Teatrında Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər Yolu” adlı layihənin təqdimatı keçirilib.
Teleqraf xəbər verir ki, təqdimat Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi ümumi qrant müsabiqəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “Veysəloğlu” Şirkətlər Qrupunun sponsorluğu və "Mədəniyyət TV"nin media tərəfdaşlığı ilə baş tutub.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak edib.
Aprel döyüşləri şəhidi, "Murov qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində başladığı şanlı yol sonradan 44 günlük Vətən müharibəsində böyük Qələbə ilə nəticələnib, Aprel döyüşlərində qəhrəmanların açdığı cığırla irəliləyən Azərbaycan əsgəri onların missiyasını layiqincə davam etdirərək torpaqlarımızın azadlığını təmin edib və şəhidlərin qisasını alıb.
Bu baxımdan Aprel döyüşləri müasir tariximizdə Qələbəyə aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, “Veysəloğlu” Şirkətlər Qrupunun CEO müavini İlqar Nuri, Aprel döyüşləri şəhidi Nurlan Əsgərov və Vətən müharibəsi şəhidi İntiqam Əsgərovun anası Ziba Əsgərova, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxış ediblər.
Çıxış edənlər Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin başlanğıcı olduğunu vurğulayaraq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin sonunda tanınmış incəsənət xadimlərinin iştirakı ilə şəhidlərin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiya Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların real həyat hekayələri əsasında hazırlanıb. Kompozisiyanın ideya müəllifi Sevinc Orucova, ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı İlqar Fəhmi, quruluşçu rejissoru isə əməkdar artist Nicat Kazımovdur.