BAKI, 26 dekabr. TELEQRAF
"Yəmən Respublikasında baş verən son hadisələr narahatlıq doğurur".
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bildirilir ki, Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliyinin eskalasiyaya qarşı ehtiyatlı yanaşması və Yəməndə sabitliyin bərqərar olması üçün göstərdiyi səylər təqdirəlayiqdir.
Bəyanatda həmçinin Türkiyənin Yəmənin birliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, ölkədə rifahın və sülhün təmin edilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyi qeyd olunub.
Qeyd edək ki, Yəməndə Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi separatçı Cənub Keçid Şurası dekabrın 4-də ölkənin şərqində hücuma başlayıb. Onlar Hadramaut əyalətindəki şəhərlərə və neft yataqlarına nəzarəti ələ keçiriblər.
Cənub Keçid Şurasının rəhbəri Ayderus əz-Zubeydi dekabrın 9-da müvəqqəti paytaxt Ədəndə keçirilən iclasda Cənub Silahlı Qüvvələrinin Mahra əyalətinə nəzarəti ələ keçirdiyini bildirib.
Yəmənin neft şirkəti PetroMasila dekabrın 1-də Hadramaut Qəbilə Alyansının şirkətin Mukalla şəhərinin şərqindəki obyektlərini ələ keçirməsindən sonra istehsalın tamamilə dayandırıldığını açıqladı.
2013-cü ildə Yəməndə yaradılan və əyalətə muxtariyyət tələb edən Hadramaut Qəbilə Alyansı nə Cənub Keçid Şurası, nə də Yəmən hökuməti ilə əlaqəsi olmayan yerli qüvvələrdən ibarətdir.