BAKI, 2 aprel. TELEQRAF
Türkmənistanın Marı vilayətində mal-qaranın kütləvi ölümü qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Naməlum infeksiyanın sürətlə yayıldığı Türkmənqala və Yelətən rayonlarında həyəcanverici hallar qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, xəstə heyvanlarda burun axıntısı, axsaqlıq və güclü halsızlıq müşahidə olunur. Heyvanlar ayaq üstə dura bilmir, əsasən 24 saat ərzində ölürlər.
Yerli baytarlıq xidmətləri fermerlərə antibiotiklər tövsiyə edir, amma bu yolla müalicə həmişə təsirli olmur.
Türkmənistan hökuməti və dövlət mediası vəziyyətlə bağlı şərh vermir.
Mütəxəssislər ölümün səbəbinin yüksək yoluxucu virus xəstəliyi olan dabaq və ya bir-iki gün ərzində heyvanı öldürə bilən bakterial infeksiya olan pasterellyoz ola biləcəyini irəli sürürlər.