BAKI, 17 dekabr. TELEQRAF

Ukraynada müharibənin başlanmasına Kiyevdəki destruktiv qüvvələr və Qərb səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişindən sonra ölkədə gərginlik mərhələli şəkildə artıb:

"Bu müharibəni biz 2022-ci ildə başlamamışıq. Ukraynada destruktiv qüvvələr Qərbin dəstəyi ilə bu münaqişəni alovlandırıblar. Əslində, müharibəni Qərb başladıb. Biz isə yalnız onu dayandırmağa, başa çatdırmağa çalışırıq".

V. Putin Ukraynada hərbi əməliyyatların başlanmasının səbəblərindən biri kimi də ABŞ-nin keçmiş Prezidenti Co Baydenin siyasətini göstərib:

"Hazırkı ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə bağlı mövqeyini dəfələrlə ifadə edib. Tramp deyir ki, əgər o zaman ABŞ Prezidenti olsaydı, bu hadisələr baş verməzdi. Ola bilsin ki, bu, doğrudur. Çünki əvvəlki administrasiya vəziyyəti şüurlu şəkildə silahlı münaqişəyə gətirib çıxardı".