BAKI, 13 dekabr. TELEQRAF

Polşa sərhəd xidməti Belarusla sərhəddə meşəlik ərazidə gizlədilmiş tunel aşkar edib.

Teleqraf xəbər verir ki, Tunel vasitəsilə 180-dən çox miqrantın Polşaya keçdiyi müəyyən olunub.

Polşa sərhədçilərinin məlumatına görə, təxminən 130 nəfər saxlanılıb, digər şəxslərin axtarışı davam edir. Tunelin torpaq və kök qatından qazıldığı, taxta dayaqlar və metal çubuqlarla möhkəmləndirildiyi, hündürlüyünün isə cəmi 1,5 metr olduğu bildirilir.

Rəsmilər tunelin bu il Podlaskie bölgəsində aşkar olunan dördüncü belə keçid olduğunu açıqlayıb. Miqrantları götürməyə gələn 69 yaşlı Polşa vətəndaşı və 49 yaşlı litvalı da saxlanılıb.

Polşa 2021-ci ildən bəri Belarusdan yönləndirilən miqrant axını ilə üzləşdiyini, bunun Minsk və Moskvanın məqsədli destabilizasiya cəhdi olduğunu bildirir. Belarus və Rusiya isə ittihamları rədd edir.

Axtarışlara ordu və polis də cəlb olunub. Sərhədçilər keçidin Belarus tərəfdə gizli girişinin sərhəd hasarından 50 metr, Polşa tərəfdəki çıxışının isə hasardan cəmi 10 metr məsafədə yerləşdiyini açıqlayıb.

Polşa 2022-ci ildə sərhəd boyunca 180 km-lik müdafiə hasarının inşasına başlamışdı.