BAKI, 13 dekabr. TELEQRAF
Bakıda sərnişin avtobusunda sürücüyə hücum edən şəxs məhkəmə qarşısına çıxarılıb.
Teleqraf xəbər verir ki, hadisə Nizami rayonu, Babək prospektində 49 nömrəli marşrut avtobusunda baş verib.
Sərnişin qismində olan Elşən Rəhimov (soy ad şərtidir) arxa qapının açılmaması səbəbindən sürücü Kamran Qatarlıya irad bildirib. Yaranan mübahisə zamanı ona yumruq zərbələri endirib.
Zərbələr nəticəsində sürücü üz və burun nahiyəsindən yüngül xəsarət alıb. Hadisə sərnişinlərin müdaxiləsi ilə dayandırılıb.
Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib, peşman olduğunu və zərərçəkmişlə barışdığını bildirib. Elşən deyib ki, sürücüyə "karsan? Qapını aç" deyib. Lakin sürücü kobud cavab verdiyi üçün onu vurub.
Zərərçəmiş Kamran Qatarlı ifadəsində deyib ki, sərnişindən yalnız ön qapıdan avtobusa daxil olacağını deyib. Buna etiraz edən sərnişin onunla mübahisə edib və sonra da yumruq zərbələri endirib. Sürücü təqsirləndirilən şəxsi bağışladığını deyib.
Bakı şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi üzrə təqsirli bilinərək 1500 manat cərimə olunub.