BAKI, 13 dekabr. TELEQRAF

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-ni Latın Amerikasının təbii resurslarını ələ keçirməyə cəhd göstərməkdə və Karib hövzəsinə tam nəzarət qurmaq istəməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, nazir bu barədə "Venezolana de Television" kanalına açıqlamasında danışıb.

O, ABŞ hərbçilərinin Karib dənizində Venesuelaya məxsus neft tankerini silahlı şəkildə ələ keçirməsini kobud quldurluq və güc tətbiq etməklə oğurluq adlandırıb. Onun sözlərinə görə, saxlanılan tanker heyətinin taleyi hələ də məlum deyil.

Lopes bildirib ki, Vaşinqton Karib hövzəsində strateji yerləşməni genişləndirərək regionu öz maraqları naminə nəzarətə almağa çalışır. O, Venesuela xalqının ordu və polis ilə birlikdə ABŞ imperializminə qarşı möhkəm dayandığını vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 10-da Venesuela sahilləri yaxınlığında neft tankerinin saxlanıldığını təsdiqləyərək, neftin ABŞ-də qalacağını bildirib.