BAKI, 13 dekabr. TELEQRAF
Biləsuvarda qonşusunun avtomobilini qaçırmaqda ittiham edilən şəxs hakim qarşısına çıxıb.
Teleqraf xəbər verir ki, 1973-cü il təvəllüdlü Sahib Qarayev (soyad şərtidir) Cinayət Məcəlləsinin 185.1-ci (talama niyyəti olmadan nəqliyyat vasitəsinin qaçırılması) maddəsi ilə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
İttihama əsasən, Sahib Qarayev qonşusu Samirə məxsus fərdi yaşayış evinin qarşısında saxlanılan, "VAZ-2107" markalı avtomobili sahibinin razılığı olmadan idarə edilib. Qarayev avtomobili müəyyən məsafə qət etdikdən sonra özünə məxsus ünvanda saxlayıb.
Təqsirləndirilən şəxs izahatında bildirib ki, zərərçəkmişi tanıyır və aralarında heç bir ədavət olmayıb. Qeyd edib ki, 2 noyabr 2025-ci il tarixdə gecə saatlarında xəstə qardaşına dərman almaq üçün evdən çıxıb və həmin vaxt qonşusuna məxsus avtomobilin açıq qapılarla və üzərində açarla qaldığını görüb. Bundan sonra avtomobili götürüb aptekdən dərman aldıqdan sonra yaşadıqları evə qayıdıb. Zərərçəkmişə zəng etsə də, zəng çatmayıb. Evə çatdıqdan sonra isə zərərçəkmiş ona SMS göndərsə də, mesajı oxumadığını deyib. Səhər saatlarında polis əməkdaşları hadisə yerinə gələrək avtomobili götürüb sahibinə təhvil veriblər.
Məhkəmədə zərərçəkmiş şəxs ifadə verərək bildirib ki, avtomobili evinin qarşısında açıq vəziyyətdə saxlayıb. Səhər saatlarında isə avtomobilin yerində olmadığını görərək "102 xidməti"nə məlumat verib. Qısa müddət sonra avtomobilin qonşuluqda yaşayan Sahib tərəfindən qaçırıldığı müəyyən olunub. Zərərçəkmiş əlavə edib ki, avtomobilindən heç nə oğurlanmayıb və ziyan dəyməyib. O, qonşuluq münasibətlərinin pozulmaması və tərəflərin barışdığı üçün təqsirləndirilən şəxsə qarşı ağır tədbir görülməməsini xahiş edib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Sahib Qarayev Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.