BAKI, 13 dekabr. TELEQRAF

Almaniyanın Leypziq zooparkında quş qripi aşkarlanmasından sonra bütün pelikanlar öldürülüb.

Teleqraf xəbər verir ki, məlumatı "BILD" yayıb.

İlkin olaraq bir kəkilli pelikanın virusdan tələf olduğu, ardınca daha birinin xəstələndiyi bildirilir. Yoluxmanın yayılmasının qarşısını almaq məqsədilə baytarlıq xidməti zooparkdakı bütün pelikanların eutanasiyası barədə qərar verib.

Zooparkın direktoru Yorq Yunxold açıqlamasında tədbirin digər heyvanların qorunması üçün zəruri olduğunu deyib. Bu həftə zooparkın 350 sakini testdən keçirilib, hamısının nəticələri mənfi çıxıb.

Heyvan hüquqları təşkilatı PETA zoopark rəhbərliyini gələcəkdə quşların çoxaldılması və saxlanılması praktikasına son qoymağa çağırıb.

Qeyd edək ki, Almaniyada quş qripinin yayılmasına qarşı mübarizə çərçivəsində indiyədək 500 mindən çox ev quşu məhv edilib. Sentyabrdan bəri ölkədə 31 təsərrüfatda xəstəlik qeydə alınıb.