BAKI, 13 dekabr. TELEQRAF

Almaniyanın Hanau şəhərində İkinci Dünya müharibəsindən qalmış bombanın zərərsizləşdirilməsi əməliyyatı nəzarətdən çıxaraq partlayışla nəticələnib.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri yazır.

Məlumata görə, səhv identifikasiya səbəbindən mütəxəssislər tapıntını yandırıcı bomba hesab etsələr də, onun fuqas tipli olduğu məlum olub.

Güclü partlayış nəticəsində bir neçə yaşayış binası zədələnib, 28 mənzil dağılıb və onlardan azı biri tam yararsız vəziyyətə düşüb. Ümumilikdə 58 nəfər xəsarət alıb.

Rəsmi məlumatlara görə, əməliyyat öncəsi su ilə doldurulmuş konteynerlərdən ibarət qoruyucu sədd qurulmuş, 4 500 sakin isə evakuasiya edilmişdi. Lakin partlayış gözləniləndən daha güclü olduğundan bu sədd də dağılıb.

Hanaunun meri Klaus Kaminski bəzi ailələrin yaxın vaxtlarda evlərinə qayıda bilməyəcəyini bildirib və əsas olanın insanların sağ qalması olduğunu vurğulayıb.