BAKI, 13 dekabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) rəsmiləri və diplomatları Ukraynanın 2027-ci ilə qədər Aİ-yə üzv qəbul edilməsini tamamilə mümkün olmayan proses adlandırıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, genişlənmə prosedurlarının mürəkkəbliyi fonunda Ukraynanın qeyd olunan müddətdə qoşulması həddindən artıq çətin qiymətləndirilir. Agentliyin mənbəsi bildirib ki, həmçinin Aİ rəhbərliyinin belə sürətli qəbul planını dəstəkləyib-dəstəkləmədiyi də məlum deyil.

Xatırladaq ki, "Financial Times" yazmışdı ki, Ukraynanın ABŞ-yə təqdim etdiyi sülh planında ölkənin 2027-ci il yanvarın 1-dək Aİ-yə daxil olması nəzərdə tutulub. Lakin Brüsselin bu qədər sürətli qəbulun bütün mexanizmlərin yenidən yazılmasını tələb edəcəyini qeyd etdiyi bildirilib.

Ukraynanın Aİ ilə danışıqlara başlaması barədə planlar 2024-cü ildə Venqriyanın veto qərarı səbəbindən həyata keçməmişdi.

Qeyd edək ki, Aİ-yə üzvlük danışıqları adətən 10 ildən çox davam edir və namizəd ölkənin qanunvericiliyinin tam şəkildə Aİ normaları ilə uyğunlaşdırılmasını tələb edir. Məsələn, Türkiyə 2005-ci ildən bəri danışıqları davam etdirsə də, real qəbul perspektivi yoxdur.