BAKI, 7 dekabr. TELEQRAF

Boliviyanın mərkəzində yerləşən milli parkda çoxlu dinozavr izi aşkarlanıb. Alimlər burada həm quru, həm də su üzərində hərəkət etmiş dinozavr izlərinin rekord sayda olduğunu bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə "Live Science" yeni elmi araşdırmaya əsasən məlumat yayıb.

Tədqiqatçılar Torotoro Milli Parkında yerləşən Karreras-Pampa adlı ərazidə 16 600 dinozavr izi və 1 378 üzmə izi aşkar ediblər. Alimlərin sözlərinə görə, bu, indiyə qədər bir yerdə tapılan ən böyük dinozavr izi toplusudur. Araşdırmanın müəlliflərindən olan paleontoloq Ceremi Maklarti bildirib ki, burada həm dinozavrların quru üzərində hərəkəti, həm də suyun içərisində üzərkən qoyduqları izlər çox yaxşı qorunub.

Onun sözlərinə görə, bu ərazi həm miqdar, həm də müxtəliflik baxımından unikal paleontoloji abidədir. İzləri araşdıran alimlər izlərin çoxunun iki ayaqlı yırtıcı dinozavrlara – teropodlara aid olduğunu müəyyən ediblər. Bu heyvanlar 145–66 milyon il əvvəl, yəni Təbaşir dövrünün sonunda yaşayırdılar. Ərazidə həm iri, həm də çox kiçik izlər tapılıb. Bəzi izlərin uzunluğu 10 santimetrdən kiçikdir.

Alimlər bu izlərin ya balaca növlərə, ya da nəhəng dinozavrların balalarına aid ola biləcəyini düşünür. Ən böyük izlərin uzunluğu 30 santimetrdən çoxdur. Araşdırma qrupuna görə, bu izlər orta ölçülü yırtıcı dinozavrlar, məsələn dilofosavr və ya allosavr tərəfindən qoyula bilər. Alimlər hesab edirlər ki, izlərin çoxluğu və istiqamətləri göstərir ki, Karreras-Pampa qədim vaxtlarda dinozavrların tez-tez keçdiyi yol olub. Bəzi izlər paralel şəkildədir, bu da dinozavrların qrup halında hərəkət etdiyini göstərir.