BAKI, 17 mart. TELEQRAF

İran ABŞ və İsraildən Minab şəhərində məktəbə endirilən zərbəyə görə kompensasiya tələb etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, bu məsələ ilə bağlı tələblər artıq beynəlxalq instansiyalara göndərilib.

Cəlali qeyd edib ki, İranın xarici işlər naziri Abbas Əraqçi demək olar hər gün beynəlxalq təşkilatlara məktublar və mesajlar göndərərək onların hadisəyə reaksiya verməsini tələb edir.

Səfir bildirib ki, hazırda beynəlxalq hüquq ciddi şəkildə pozulub və ABŞ ilə İsrailin hərəkətlərini açıq şəkildə pisləyən beynəlxalq təşkilat tapmaq çətindir.

O həmçinin İrana qarşı münaqişənin başlanması qərarının da araşdırılmasının vacib olduğunu vurğulayıb.

“Onlar niyə bu addımı atdılar? Biz amerikalılarla danışıqlar aparırdıq və normal həyatımızı yaşayırdıq. Danışıqların ortasında isə bizə hücum etdilər. Bu, faciə və fəlakətdir. Beynəlxalq ictimaiyyət bu aqressiyanı pisləməli və buna reaksiya verməlidir”, - deyə Cəlali bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Minab şəhərində ibtidai məktəbə endirilən zərbə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.

Fevralın 28-də Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbə raket zərbəsi endirilib. Hadisə nəticəsində 160-dan çox insanın həlak olduğu bildirilir.