BAKI, 17 mart. TELEQRAF

Moldova işğal edilmiş Dnestryanı bölgənin yenidən inteqrasiyası üçün iqtisadi mexanizmlərdən istifadə etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Kişinyovdakı mənbələrə istinadla “European Truth” məlumat yayıb.

Nəşrin məlumatına görə, Moldova daxilində vahid hüquqi, iqtisadi, vergi, gömrük və ticarət qaydalarının tətbiqi planlaşdırılır. Məqsəd iqtisadi təzyiq vasitəsilə Dnestryanı üzərində nəzarəti bərpa etmək və regionu milli qanunvericilik çərçivəsində fəaliyyət göstərməyə məcbur etməkdir.

Qeyd olunur ki, bu proqramın layihəsi Brüsseldə keçirilən görüşlər zamanı Moldova baş nazirinin müavini Valeriyu Çiver tərəfindən avropalı tərəfdaşlara təqdim edilib. Sənəd hələlik qəti deyil, amma orada Avropa İttifaqına inteqrasiya üçün müxtəlif ssenarilər, o cümlədən Dnestryanı bölgə olmadan, amma sonradan inteqrasiya perspektivi ilə qoşulmaq da yer alır.