BAKI, 17 mart. TELEQRAF
“Ermənistan hakimiyyəti iyunun 7-də keçiriləcək parlament seçkilərini xarici təsirlərdən qorumaq məqsədilə kömək üçün xarici aktora müraciət edib”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Avropa İttifaqının (Aİ) Ermənistana sürətli reaksiya qrupunun göndərilməsi ilə bağlı danışarkən deyib.
“Paradoks göz qabağındadır. Ermənistan hakimiyyəti seçki prosesini xarici təsirlərdən qorumaq məqsədilə kömək üçün başqa bir xarici aktora müraciət edir. Bununla Ermənistanın seçki mühitini formalaşdıran daha bir xarici qüvvə gətirilir və bu, digər ölkələrin potensial müdaxiləsinin qarşısını almaqla əsaslandırılır”.
Surenyantsın sözlərinə görə, Baş nazir Nikol Paşinyan hakimiyyətin davamlılığını təmin etmək üçün bütün mümkün addımları atır. Onun fikrincə, hakimiyyət seçkilərin xarici legitimliyini indidən təmin etməyə çalışır: “Əgər seçkilərin nəticələri mübahisələndirilərsə, hakimiyyət beynəlxalq iştirak, nəzarət və kənar müdaxilədən qorunmanı əsas gətirə biləcək”.
Politoloq iddia edir ki, seçki prosesinin “avropalaşması” Ermənistan daxilində siyasi qütbləşməni dərinləşdirə bilər:
“Bu halda seçkilər geosiyasi rəqabət sahəsi kimi qəbul edilməyə başlayır. Əslində, artıq Ermənistanda artıq dərin qütbləşmə mövcuddur. Əgər Aİ qrupu Paşinyan tərəfdarı kimi qəbul edilsə, yardımın nə qədər texniki olmasından asılı olmayaraq, ictimai inamsızlıq daha da dərinləşəcək.
Legitimlik yalnız ölkə daxilində mövcud institutlar tərəfindən idarə olunan azad, rəqabətli seçkilər vasitəsilə təmin edilə bilər. Bu baxımdan, sual Aİ qrupunun hibrid təhdidlərlə mübarizəyə kömək edib-etməyəcəyində deyil. Daha vacib sual bu addımın Ermənistanda seçkilərin xarici təsirə məruz qaldığı yeni siyasi reallıq yaradıb-yaratmayacağıdır”.
Xatırladaq ki, Aİ-nin ali nümayəndəsi Kaya Kallas bundan əvvəl parlament seçkilərindən əvvəl potensial təhdidlərin qarşısını almaq üçün Ermənistana sürətli reaksiya qrupunun göndəriləcəyini açıqlamışdı: “Avropa İttifaqı Ermənistanı tək qoymayacaq. Təzyiq altında olan demokratiyalar Avropaya güvənə bilər”.