BAKI, 17 mart. TELEQRAF
Azərbaycanda həbsdə olan Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin barəsində olan hökmdən verilmiş kassasiya şikayəti və protestinə baxılıb.
Teleqraf xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, tərəflərin verdiyi kassasiya şikayəti təmin edilməyib.
Dövlət ittihamçısı kassasiya şikayətini geri götürüb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Konstantin Kuçerə ittiham olunduğu maddələrdən biri - Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay təyin olunub.
Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb.
Qeyd edək ki, dövlət ittihamçısı Konstantin Antonoviç Kuçerin cəzasının ağırlaşdırılmasını, zərərçəkmiş şəxslərin nümayəndəsi isə təqsirləndirilən şəxslərin cəzaların ağırlaşdırılması ilə yanaşı maddi və mənəvi zərərlə bağlı mülki iddialarının təmin olunmasını xahiş ediblər.
Təqsirləndirilən şəxslərin vəkilləri isə bəraət istəyiblər. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şikayətlər təmin olunmayıb.
Qeyd edək ki, ukraynalı Sabiq nazirlə yanaşı kriminal avtoritet "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç də mühakimə edilib. Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.
Onu da əlavə edək ki, mühakimə olunan kriminal avtoritet "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviçin barəsində Aminstiya aktı tətbiq olunub və o, cəzadan azad olunub.
Qeyd edək ki, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaiti götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.
O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.
Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
O. Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub. O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır.
İstintaq orqanı tərəfindən O. Krapivin Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunublar. Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılırdı.