BAKI, 2 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-nin G20-yə sədrliyi dövründə birliyin əsas prioritetini yenidən iqtisadi artımın stimullaşdırılmasına yönəltmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.
Məlumata görə, ABŞ 1 dekabr tarixindən etibarən 2026-cı il üçün G20-yə sədrlik etməyə başlayıb. Bəyanatda qeyd olunub ki, Prezident Trampın rəhbərliyi altında təşkilat yenidən öz əsas missiyasına, iqtisadi artımın və rifahın təşviqinə qaytarılacaq.
Açıqlamaya əsasən, ABŞ-nin sədrliyi dövründə əsas istiqamətlər kimi iqtisadiyyatın derequlyasiyası, əlçatan və təhlükəsiz enerji resursları üçün təchizat zəncirlərinin formalaşdırılması, eləcə də yeni texnologiyaların tətbiqi müəyyən edilib.