BAKI, 19 noyabr. TELEQRAF
Çilinin məşhur Torres-del-Payne Milli Parkında hava şəraitinin qəfil pisləşməsi nəticəsində beş nəfər turist ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Maqalyanes regionu üzrə prezident nümayəndəliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, əvvəlcə itkin düşmüş kimi qeydiyyata alınan yeddi nəfərdən dördünün sağ olduğu müəyyən edilib. Üç nəfərin isə həyatını itirdiyi təsdiqlənib. Onların arasında Almaniya və Böyük Britaniya vətəndaşları var. Daha iki nəfərin Meksika vətəndaşı olduğu bildirilib.
Hadisə parkın daha çətin sayılan dairəvi marşrut hissəsində baş verib. Ərazidə bir gün əvvəl qar yağdığı və güclü külək əsdiyi qeyd olunur.
Hadisədən sonra təhlükəsizlik məqsədilə parkın bir hissəsi ziyarətçilər üçün bağlanıb.