BAKI, 14 oktyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Madaqaskar lideri Andri Rajoelinanın Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə ölkədən çıxarıldığı barədə yayılan məlumatları təsdiqləməyib.

Teleqraf xəbər verir ki, bu barədə o, Misirin Şarm-əl-Şeyx şəhərində Qəzza ilə bağlı sammitdən sonra jurnalistlərin sualına cavab verəndə danışıb.

“Xeyr, bu barədə bu gün heç nə təsdiqləyə bilmərəm,” - deyə Makron bildirib.

O, Fransanın Madaqaskar xalqı ilə dostluğunu vurğulayaraq, ölkədə konstitusiya nizamının və institusional sabitliyin qorunmasının vacibliyini qeyd edib.

“Əgər bu sabitlik qorunmasa, nəticələri hər kəs bilir. Bu vəziyyətdən ən çox əziyyət çəkən sadə insanlar olacaq”, - Fransa lideri vurğulayıb.

Fransa lideri həmçinin xəbərdarlıq edib ki, “protest edən gənclər hərbi və ya xarici qüvvələrin maraqları naminə alətə çevrilməməlidir”.

Qeyd edək ki, daha əvvəl RFI radiostansiyası mənbələrə istinadən bildirmişdi ki, Madaqaskar prezidenti Fransa Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə San-Mari adasından təxliyə edilərək Fransaya məxsus Reynion adasına, oradan isə Mavrikiyə və ya BƏƏ-yə göndərilib.