BAKI, 13 oktyabr. TELEQRAF
ABŞ-nin Texas ştatında yerləşən buğda tarlasına NASA-nın elmi avadanlığı ilə təchiz edilmiş avtomobil ölçüsündə aparat enib.
Teleqraf xəbər verir ki, hadisə barədə "ABC News" telekanalı məlumat yayıb.
Məlumata görə, aparatı yerli sakin Enn Uolter görüb. O bildirib ki, cihaz əvvəlcə təxminən 10 metrlik paraşütlə yavaş-yavaş enərək torpağa düşüb.
“Əvvəlcə elə bildim, təyyarə hissəsidir, amma sonra yaxınlaşanda NASA loqotiplərini gördüm,” - qadın jurnalistlərə danışıb.
Uolter hadisə barədə şerif idarəsinə məlumat verib. Məlum olub ki, NASA itmiş elmi qurğunu axtarır. Qadına sonradan "Columbia Scientific Balloon Facility" mərkəzindən zəng edilib. Bildirilib ki, aparat bir gün əvvəl Nyu-Meksikodan buraxılıb və astronomik müşahidələr üçün teleskoplar daşıyıb.
Bir neçə saat sonra tarlaya araşdırma qrupu gəlib və qurğunu təhlükəsiz şəkildə geri qaytarıb.