BAKI, 12 oktyabr. TELEQRAF

Əfqanıstan Müdafiə Nazirliyi Pakistanda əməliyyatın başa çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstanın "TOLO News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Nazirlik həmçinin xəbərdarlıq edib ki, növbəti insident baş verərsə, Əfqanıstan Silahlı Qüvvələri sərhədləri qoruyacaq və cavab verəcək.

Bundan əvvəl Əfqanıstanın Helmand əyalətində atışmalarla bağlı xəbərlər yayılmışdı. Daha sonra Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə hava zərbəsi endirib. Taliban rəsmiləri əməliyyatın təfərrüatlarını açıqlamayıb. Pakistanın "Geo" telekanalı toqquşmalarda ən azı onlarla əfqan əsgərinin öldüyünü bildirib.

****

00:30

Əfqan qüvvələrinin Pakistan-Əfqanıstan sərhədi boyunca səbəbsiz atəşə tutmasına cavab olaraq, Pakistan Ordusu güclü və effektiv cavab zərbəsi endirib, onlarla əfqan əsgəri və yaraqlı öldürüb, bir neçə əfqan hərbi postunu məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə APP məlumat yayıb.

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, əfqan qüvvələri Bəlucistanda Anqoor Adda, Bajaur, Kurram, Dir, Çitral və Baramça da daxil olmaqla bir çox məntəqədə xəbərdarlıq etmədən atəş açmağa başlayıb.

Onlar bildiriblər ki, Pakistanın qətiyyətli əks-həmləsindən sonra Əfqanıstan qüvvələri bir neçə mövqedən geri çəkilməyə məcbur olub. Pakistan ordusunun cavab tədbirləri diqqət mərkəzində və gücləndirilmiş kampaniya ilə davam edir.

Əməliyyat nəticəsində çoxlu əfqan sərhəd postları məhv edilib, onlarla əfqan əsgəri və yaraqlı zərərsizləşdirilib.

Bildirilib ki, çoxsaylı Taliban döyüşçüləri postlarını tərk edərək ərazidən qaçıb, cəsədləri döyüş meydanına səpələnib.

Təhlükəsizlik mənbələri vurğulayıblar ki, Əfqanıstan hökumətinin himayəsi altında fəaliyyət göstərən yaraqlıların və İŞİD-in sığınacaqları da effektiv şəkildə hədəfə alınır.

Bildirilib ki, Pakistan bu terrorçuların sığınacaqlarını dəqiqliklə vurmaq üçün artilleriya, tanklar, yüngül və ağır silahlar, həmçinin PUA-lar da daxil olmaqla bütün hərbi imkanlardan istifadə edir.

Təhlükəsizlik rəsmiləri əlavə edib ki, əfqan qüvvələrinin bu təcavüz aktı Əfqanıstan xarici işlər nazirinin Hindistana səfəri ilə eyni vaxta düşür.

*****

00:03

Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə "TOLO News" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Taliban rəsmiləri əməliyyatın təfərrüatlarını açıqlamayıb.

*****

23: 41/ 11.10.2025

Taliban Durand xətti boyunca sərhəd postlarını ələ keçirməsi nəticəsində beş Pakistan əsgəri həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sərhəddə gərginliyin kəskin artması ilə Əfqanıstanın Müdafiə Nazirliyi iddia edib ki, Talibanın başçılıq etdiyi qüvvələr Durand xətti boyunca, o cümlədən qeyri-sabit Kunar və Helmand əyalətlərində Pakistan ordusunun çoxsaylı postlarını ələ keçirib.

Bildirilir ki, davam edən sərhəd toqquşmalarında azı 5 Pakistan əsgəri həlak olub, ikisi yaralanıb. Sərhəd boyunca intensiv döyüşlər davam edir.

****

23:07

Pakistan-Əfqanıstan sərhədində genişmiqyaslı döyüşlər başlayıb. Taliban bir çox bölgələrdə Pakistan əsgərlərinə qarşı koordinasiyalı hücuma keçib.

Teleqraf xəbər verir ki, bu barədə "News18" məlumat yayıb.

Qeyd olunur ki, Taliban birləşmələri İngiltərənin Hindistanda hakimiyyəti dövründə çəkilmiş Durand xətti adlanan sərhəd zolağı boyunca Pakistan Sərhəd Korpusunun postlarına və infrastrukturuna hücum edib.

Sərhədin Danqam və Birkot sektorlarında Pakistan mövqelərinə çoxsaylı artilleriya hücumları və Taliban bölmələrinin irəliləyişləri qeydə alınıb.

Hilmənd, Paktiya, Kunar, Nanqarhar və Xost əyalətlərində də hər iki tərəfdən atəş və pilotsuz təyyarələrin hücumları qeydə alınıb. Pakistanın Kurram, Bajaur və Şimali Vəziristandakı postları və keçid məntəqələri atəşə tutulub.