BAKI, 1 sentyabr. TELEQRAF
Ali Məhkəmə ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi idxal tariflərinin əksəriyyətinin qeyri-qanuni olduğuna qərar verərsə, Birləşmiş Ştatlar iflasa uğrayacaq.
Teleqraf xəbər verir ki, bunu Donald Trampın müşaviri Piter Navarro bildirib.
Navarro qeyd edib ki, ABŞ Apellyasiya Məhkəməsinin Trampın tətbiq etdiyi tarifləri bloklayan hökmü Ağ Ev administrasiyasının bütün xarici iqtisadi proqramını sual altına qoyub.
"Əgər bu işi uduzsaq, Prezident Tramp haqlı olacaq. Bu, ABŞ-nin sonu olacaq", - Navarro bildirib.
Qeyd edək ki, avqustun 30-da ABŞ Apellyasiya Məhkəməsi Trampın tariflərlə bağlı qərar qəbulu prosedurunu pozması barədə qətnamə çıxarıb. Buna görə də onların əksəriyyəti qanunsuz hesab edilib.
Donald Tramp isə “Truth” sosial şəbəkəsində Apellyasiya Məhkəməsinin qərarını şərh edərək bildirib ki, ABŞ-yə trilyonlarla dollar gətirən idxal tarifləri olmasa, ölkə və ordu anında məhv olar.