BAKI, 11 avqust. TELEQRAF
Atatürkün 1923-1927-ci illərdə ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Teleqraf xəbər verir ki, Türkiyə arxivlərindəki tibbi hesabatlara görə, Atatürkün iki dəfə ürəyində ciddi problem yaranıb.
Hesabata görə, 1923-cü ildə Atatürkün ürək xəstəliyinin ilk əlamətlərini Dr.Refik Saydam, Prof.Dr.Neşet Ömər İrdelp və Dr.İbrahim Tali bəy müəyyən edib.
İlkin rəyə əsasən onun ürək xəstəliyinə səbəb həddindən artıq yorğunluq və siqaretdən istifadə göstərilib.
1927-ci ildə təkrarlanan ikinci ciddi ürək problemindən sonra həkimlər ona gündə sadəcə 6 siqaret və 3 fincan qəhvə istifadəsinə icazə veriblər.
1927-ci ildəki təkrar həkim müayinəsində qeyd edilib: “Xəstənin 46 yaşı var. İki həftə əvvəl döş qəfəsinin mərkəzindən başlayan və sol qoluna yayılan şiddətli ağrı olub. Bu ağrı iki dəfə təkrarlanıb. Ailə anamnezində atasının gənc yaşlarında qəfil xəstəlikdən, anasının isə xroniki ürək çatışmazlığından vəfat etdiyinə dair məlumat var. Müntəzəm spirtli içki qəbul edən şəxs son doqquz ildə ağır fiziki və zehni yorğunluqdan əziyyət çəkir”.