
BAKI, 21 may. TELEQRAF
Azərbaycanın Tehrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadə barədə məhkəmənin verdiyi edam hökmü yerinə yetirilib.
Teleqraf xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Hökm bu gün səhər saatlarında icra olunub.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum törədilib. Silahlı şəxs “Kalaşnikov” markalı avtomatla səfirliyin mühafizə postunu yararaq binaya daxil olub və mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Hücumun qarşısını almağa çalışan səfirliyin digər iki əməkdaşı Vasif Tağıyev və Mahir İmanov isə yaralanıblar.
2023-cü il fevralın 3-də Azərbaycan Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edərək, səfirliyin fəaliyyətini dayandırıb. Hücumla əlaqədar olaraq, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi başlayıb.
Prezidentin çıxışından qısa müddət sonra (22 yanvar) İran Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqlədi. İran İslam Respublikasının qanunlarına görə qətlə yetirilən şəxsin yaxınları müttəhimi bağışladığı halda edam qərarı icra edilmir. Ancaq Azərbaycan Respublikasının Baş Prokurorluğunda İran nümayəndə heyəti ilə keçirilən görüşdə Orxan Əsgərovun atası Rizvan Əsgərov ölüm hökmünün icra edilməsini tələb edib.