BAKI, 8 may. TELEQRAF

Rusiyanın paytaxtı Moskva üzərindən uçuş reyslərindəki məlum problemlərlə bağlı yüzlərlə sərnişin çarəsiz duruma düşüb.

Teleqraf xəbər verir ki, Vnukovo hava limanında hazırda yüzlərlə sərnişin reysin bərpa olunacağını gözləyir.

"Mash" teleqram kanalının yaydığı məlumata görə, insanlar döşəmələrdə uzanmalı və ya hava limanındakı kafedə gecələməli olublar.

Bu sərnişinlərdən bəziləri Vnukovodan (Moskva) Bakıya uçaçaq reysi gözləyirlər.

Sərnişinlərin sözlərinə görə, "Azerbaijan Airlines"in (AZAL) Moskva (Vnukovo) — Bakı (Heydər Əliyev Beynəlxalq hava limanı) reysi, artıq altıncı dəfədir ki, təxirə salınır. İnsanlar az qala 24 saatdır təyyarə reysinin açılmasını gözləyirlər.

Onlara qida üçün talonlar verilib, bəziləri isə mehmanxanaya yerləşdirilib.

Eyni problem digər təyyarə reyslərinin sərnişinləri üçün də keçərlidir.

Qeyd edək ki, Moskva rəsmiləri hava məkanının bağlanmasının sərnişinlərin təhlükəsizliyi ilə bağlı olduğunu bildirir.