BAKI, 1 may. TELEQRAF
Ukrayna hökuməti ABŞ ilə mineral ehtiyatlar üzrə sazişin imzalandığını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram" kanalında açıqlayıb.
Onun sözlərinə görə, ölkə yerin təki, təbii sərvətləri və infrastrukturu üzərində tam nəzarəti özündə saxlayacaq. Kiyev və Vaşinqton bərabər əsasda İnvestisiyaların Bərpası Fondu yaradacaqlar və hər iki tərəfin orada bərabər səsvermə hüququ olacaq.
Qeyd olunur ki, bu Fond 50/50 prinsipi əsasında yaradılır.
"Müqavilə heç bir borc öhdəliyini nəzərdə tutmur”, - Şmıqal vurğulayıb.
O əlavə edib ki, hər iki ölkə fonda töhfələr verəcək və onun fəaliyyətindən əldə olunan gəlirlər müstəsna olaraq Ukraynaya yatırılacaq.
“Bu saziş sayəsində biz bərpa üçün əhəmiyyətli resurslar cəlb edə, iqtisadi artıma başlaya, ABŞ-dəki tərəfdaşlardan və strateji investordan ən son texnologiyalar ala biləcəyik”, - deyə baş nazir yekunlaşdırıb.
Saziş Ukraynanın Avropa Birliyinə üzvlük əldə etməsinə maneə yaratmayacaq.