
BAKI, 11 mart. TELEQRAF
Dövlət Dumasının Nəzarət Komitəsi sədrinin birinci müavini Dmitri Qusev Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovaya müraciət göndərib.
Teleqraf rus saytlarına istinadən xəbər verir ki, müraciətdə söhbət rejissor Sarik Andreasyanın layihələrinə büdcədən vəsait ayrılmasından gedir.
Qeyd edək ki, bundan əvvəl rejissor müəllif kinosuna mənfi münasibət bildirib, həmçinin Andrey Tarkovski haqqında sərt danışıb. Nəticədə onunla 40 saylı Moskva Kino Kollecinin tələbələri arasında insident baş verib.
Dumanın Nəzarət Komitəsi adından çıxış edən D.Qusev erməni rejissorun layihələrinə büdcədən vəsaitin ayrılmasının məqsədəuyğun olmadığını düşünür.
Bundan başqa, D.Qusev tələbələr qarşısında çıxışı zamanı Andreasyanın son açıqlamalarından narahatlığını bildirib. "Belə davranış dövlət dəstəyi alan mədəniyyət xadiminin statusuna uyğun gəlmir. Andreasyanın açıqlamaları gənclərin peşəkar inkişafına, eləcə də yerli kinonun reputasiyasına mənfi təsir göstərə bilər", - o əlavə edib.
Qusev qeyd edib ki, son 10 ilin məlumatlarına görə, Andreasyana təxminən 590 milyon rubl büdcə vəsaiti ayrılıb, bunun da 415 milyonu geri qaytarılmayan subsidiyalardır. Bununla belə, deputat əlavə edib ki, rejissorun filmlərinin yayımının nəticələri tamaşaçılar arasında bu əsərlərə tələbatın az olmasından xəbər verir və onun maliyyələşdirilməsinin məqsədəuyğunluğunu şübhə altına alır.