
BAKI, 19 fevral. TELEQRAF
Rəsmi Vaşinqton Ər-Riyadda Ukraynadakı müharibə ilə bağlı danışıqları “sülhə doğru atılmış möhtəşəm addım” adlandırıb.
Teleqraf xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolina Livit deyib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə birbaşa yazışıb.
Onun sözlərinə görə, Tramp avropalı müttəfiqləri ilə, xüsusən də Fransa Prezidenti Emmanuel Makronla da danışıb.
Gələn həftə isə Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtona gələcək: “Biz əminik ki, bütün tərəflər dinləniləcək. Problemi həll etmək üçün hər iki tərəflə danışmaq lazımdır. Bu, sülhə doğru atılmış ilk böyük addımdır”.
Yada salaq ki, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri arasında ilk rəsmi danışıqlar baş tutub. Nümayəndə heyətlərinə ABŞ Dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq ediblər.