![](https://teleqraf.az/storage/2025/02/11/715x378/e9c67f53-c986-4674-b9a9-8ff7530b0593.jpg)
BAKI, 11 fevral. TELEQRAF
İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalları və devrilmiş Bəşər Əsəd rejiminin yüksək səviyyəli komandirləri Suriyada çevriliş planını müzakirə etmək üçün Nəcəf şəhərində gizli görüş keçiriblər. Terror təşkilatlarının plana dəstək verəcəyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, toplantıya SEPAH-ın keçmiş komandanı, İranın Dəməşqdəki son səfiri general-mayor Hüseyn Əkbəri rəhbərlik edib. İclasa SEPAH-ın Aerokosmik qüvvələrinin komandanı Əmir Əli Hacızadə də qatılıb.
“Suriyanın yeni Prezidenti Əhməd Şəraya qarşı sui-qəsd planının müzakirə edildiyi toplantıda bir sıra qərarlar qəbul edilib. Həmçinin ikigünlük danışıqlardan sonra yol xəritəsini müəyyən ediblər”, - məlumatda deyilir.
Nəşr yazır ki, iranlı generallar Suriyada bütün məsələlərdə PKK/YPG terror təşkilatı ilə həmfikir olduqlarını və yaxın vaxtlarda Suriyada bəzi maraqlı hadisələrin baş verəcəyini də bildiriblər: “İranlı generallar “Hizbullah” və “Həşd əş-Şabi”nin xaos yaratmaq prosesində fəal rol oynayacağını deyiblər”.
“Türkiyə” vurğulayır ki, Nəcəf görüşündə gündəmə gələn ən mühüm mövzu Şəraya qarşı sui-qəsd planı olub:
“Toplantıda İran kəşfiyyatının bu məsələ ilə bağlı bütün imkanları dəyərləndirdiyi, xüsusilə də içəridə casus tapmağa və İŞİD terror təşkilatından bu və digər məqsədlər üçün maksimum yararlanmağa çalışdığı diqqətə çatdırılıb”.