ABŞ Prezidenti Donald Trampın İran neftini daşıyan bir neçə gəmiyə qarşı tətbiq etdiyi sanksiyaların ilk raundu onun administrasiyasının vəd etdiyi “maksimum təzyiq” siyasətindən kənardadır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Bloomberg” agentliyi yazır.

Bir neft tankeri və iki “Aframaks” gəmisinə məhdudiyyətlər qoyulub ki, bunlar da ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İran neftinin Çinə daşınmasına kömək ediblər. Bundan əlavə, sanksiyalar İran Silahlı Qüvvələrinin Baş Qərargahı və ona məxsus şirkət “Sepehr Energy Cahan Nama Pars” tərəfindən həyata keçirilən ticarətdə iştirak edən müxtəlif ölkələrdəki bir neçə hüquqi və fiziki şəxslərə də təsir edib.

“Yanvarın 20-də Trampın andiçmə mərasimindən bir neçə gün əvvəl gəmiçilik şirkətlərinin rəhbərləri və neft tacirləri onun ilk prezidentlik dövründə İrana nə qədər sərt müqavimət göstərdiyini nəzərə alaraq, Tehrana zərər vurmağa yönəlmiş potensial böyük sanksiyalar paketindən narahat idilər”, - nəşr xatırladır.

Məqalədə vurğulanır ki, son vaxtlar bazar sakitləşib, Tramp Tehranla bağlı mövqeyini yumşaldaraq, İranın “sülh yolu ilə böyüməsi və çiçəklənməsinə” imkan verəcək yeni nüvə sazişi üzərində işləmək istədiyini deyir.

Amerikalı analitik Junji Tin nəşrə söyləyib ki, yeni tətbiq olunan və son illərdə Co Bayden administrasiyası tərəfindən həyata keçirilən sanksiyalara bənzər tədbirlər İranın neft ixracına önəmli təsir göstərməyib.

Həmçinin analitik hesab edir ki, Trampın bu addımı xəbərdarlıq xarakterlidir.

“Bloomberg”in məlumatına görə, sanksiyaya məruz qalan üç gəmi arasında Panama bayrağı altında üzən “Aframaks” tankeri də var.

“2024-cü ildə o, gəmidən gəmiyə neft nəqlinin əsas məkanı kimi tanınan Sinqapur yaxınlığındakı sularda Tehrana məxsus tankerdən 700 000 bareldən çox İran nefti alıb. Gəmi həm də Rusiyanın Sakit okeandakı Kozmino limanından çəlləklərin daşınması üçün istifadə edilib. Ötən ay bu ticarətlə məşğul olan donanmaya qarşı sərt sanksiyalar tətbiq edilib”, - ABŞ nəşri qeyd edir.

Digər iki tanker Panama bayraqlı “Gioiosa” və Honq-Konq bayraqlı “Star Forest” idi.

Xatırladaq ki, Prezident Donald Tramp fevralın 5-də ABŞ-nin İrana maksimum təzyiqini bərpa edən fərman imzalayıb.