Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı öz aralarında neft hasilatının azaldılması haqqında gizli danışıqlar aparırlar. Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın “The New York Times” elektron nəşri yazır.

Müvafiq məqalədə qeyd olunur ki, Səudiyyə Ərəbistanı və Rusiya neftin bazar qiyməti haqqında məsləhətləşmələr keçirirlər. Burada rəsmi Ər-Riyadın yeganə şərti Kremlin Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina etməsidir.

Bunun müqabilində isə OPEK-in neft hasilatını əhəmiyyətli dərəcədə azaltması təklif olunur.
“The New York Times”ın ABŞ prezidenti Barak Obamanın administrasiyasında mənbəyə istinadən yazdığına görə, tərəflər arasında müzakirələr 2014-cü ilin noyabrında Moskvaya Səudiyyə nümayəndə heyətinin səfəri zamanı başlayıb.

Tərəflər uzun sürən müzakirələrdən sonra nəhayət, ümumi razılığa gələ biliblər. Əgər anlaşma baş tutarsa, neft təkrarən bahalaşacaq. Digər tərəfdən, bu şərtlər daxilində Suriyada Bəşər Əsəd rejiminin süqutu da sürətlənəcək.

Nail Cəlil