G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə bir sıra həmkarları Rusiyanın baş diplomatı Sergey Lavrovla birgə fotosessiyada iştirak etmək istəməyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, bu il görüş iştirakçılarının ənənəvi fotosessiyası baş tutmayıb. Səbəb bir sıra xarici işlər nazirlərinin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla birgə şəkil çəkdirməkdən imtina etməsidir. Bundan ilk imtina edən ABŞ dövlət katibi Entoni Blinken olub.
Bundan əlavə, “Röyter”in məlumatına görə, sammitin bir sıra iştirakçıları Lavrovla görüşdən imtina ediblər. Onların arasında növbəti dəfə ABŞ dövlət katibi, Almaniya və Yaponiya Xarici İşlər Nazirliyinin rəhbərləri də var.
“Japan Times” xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Yoşimasa Hayaşi də görüşdən imtina edib.
Lavrov sammitin keçirildiyi Bali adasına ilk gələnlərdən olub. Lavrovun özü isə həmkarlarının görüşlərdən və birgə fotosessiyalardan imtina etmələrini şərh edərkən bildirib ki, özü heç kimi dəvət etməyib.
“Mənimlə görüşlərə gəlincə, heç kəsi şəkil çəkdirməyə dəvət etməmişəm. Ümumiyyətlə, heç kimi bura dəvət etməmişəm. İndoneziya məni dəvət edib”, - Lavrov bildirib.