
İranda “ATA Air” aviaşirkətinə məxsus Məşhəd-Təbriz sərnişin təyyarəsinin 3 təkəri partlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin hava limanlarının baş direktoru Mustafa Səfayi jurnalistlərə açıqlama verib.
Mustafa Səfayinin dediyinə görə, hadisə yanvarın 3-ü, yerli vaxtla axşam saat 21:10-da Təbrizin “Şəhid Mədəni” hava limanında baş verib. Məşhəddən Təbrizə uçan sərnişin təyyarəsinin 3 təkəri eniş zamanı naməlum səbəbdən partlayıb.
Təyyarənin 3 təkərinin partlamasına baxmayaraq, pilot təyyarəni çətinliklə də olsa yerə endirə bilib.
Qeyd edək ki, İranın əksər sərnişin təyyarələri 1979-cu ildən əvvəl şah dövründə Qərb ölkələrindən alınmış köhnə təyyarələrdir.
Amerikanın rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalara görə İran Qərb ölkələrindən yeni təyyarələr və ya onların ehtiyat hissələrini ala bilmir.