BAKI, 30 sentyabr. TELEQRAF

Azərbaycanın taekvondo yığma komandasının üzvü Ziya Həsənli (63 kq) III MDB Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırması barədə təəssüratlarını bölüşüb.

Teleqraf xəbər verir ki, bu barədə o, federasiyanın rəsmi saytına açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan taekvondosu üçün tarixi bir hadisəyə imza atmaq möhtəşəm hisdir: “Bu Oyunlara uzun müddət və ciddi şəkildə hazırlaşmışdım ki, çempion olum. Məqsədimə çatdım və buna görə sevinirəm. Xüsusilə final döyüşü çox çətin keçdi, amma qalib gələ bildim. MDB Oyunlarında taekvondo üzrə tariximizdə ilk qızılı qazanmaq möhtəşəm bir hissdir”.

Qızıl medala gedən yolda Ziya Həsənli üç döyüş keçirib və onların hər biri tam güc və fədakarlıq tələb edib.

“Üç rəqiblə qarşılaşdım. Ən çətini isə sonuncu döyüş oldu. Amma buna hazır idim və bunu bacardığıma görə çox sevinirəm”, — deyə o bildirib.

İndi isə Ziya Həsənli qarşısına daha böyük bir məqsəd qoyur: “Növbəti hədəfim Olimpiya çempionu olmaqdır”.