BAKI, 18 iyun. TELEQRAF

“Paytaxtınız inanılmaz dərəcədə gözəldir. Azarkeşlər məni hər yerdə xoş qarşılayır. Qonaqpərvərliyiniz əladır, gözləmirdim".

Teleqraf xəbər verir ki, bunu UFC döyüşçüsü Camaal Hill Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.

34 yaşlı amerikalı idmançı Azərbaycan paytaxtından qələbə ilə dönmək fikrində olduğunu söyləyib: “Titulu hələlik düşünmürəm. Fikrimdə yalnız qarşıdakı döyüşdə qələbə qazanmaqdır”.

O, döyüşə hərtərəfli hazırlaşdığını bildirib: “Bütün komponentlərdə rəqibimdən üstün olmaq, özümü göstərmək istəyirəm”.

Hill Bakıya gəlişi zamanı təyyarəsinin təxirə salınması barədə söz açıb: “Tez-tez səyahət etdiyim üçün bunun mənə təsiri olmadı. Artıq 6 gündür Bakıdayam. Bakıdakı döyüşüm gecə saatlarına düşür, eyni vaxtda öz evimdə məşq vaxtımdır”.

Qeyd edək ki, orta ağır çəki dərəcəsində mübarizə aparan Camaal Hill gecənin əsas döyüşündə Xalil Rauntri ilə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.