BAKI, 17 may. TELEQRAF

Belarusun bütün cüdoçuları dövlət bayrağı, gerbi və himni ilə birlikdə 1 iyun 2025-ci ildən yarışlara buraxılacaqlar.

Teleqraf-ın Belarus Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsi qərar qəbul edib.

Rəsmi açıqlamada bildirilir ki, IJF prezidenti Marius Vizer belaruslu cüdoçuları yenidən dövlət bayrağı ilə tatamidə salamlamaq imkanını səbirsizliklə gözləyir.

Belarus millisi üçün ilk ciddi sınaq 13 - 20 iyunda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı olacaq.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında IJF İcraiyyə Komitəsi Rusiya və Belarus cüdoçularını beynəlxalq yarışlardan kənarlaşdırıb. 2023-cü ilin aprelində bu iki ölkənin idmançılarına fərdi yarışlarda neytral statusda (AIN) çıxış etmək icazəsi verilib. 2024-cü ilin sentyabrından isə onlar IJF bayrağı altında mübarizə aparmağa başlayıblar.