BAKI. 14 may. TELEQRAF

Azərbaycan Cüdo Federasiyasının (ACF) paracüdoya heç bir aidiyyatı yoxdur.

Bunu Teleqraf-a açıqlamasında ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu Tokio-2020 Paralimpiya Oyunlarının qalibi olan paracüdoçu Şahanə Hacıyeva Qazaxıstanda keçiriləcək görmə məhdudiyyətli cüdoçuların dünya çempionatında tibbi təsnifatdan keçə bilmədinə dair xəbərlərə reaksiya olaraq deyib.

Onun sözlərinə görə, bu məsələyə ACF-nin münasibət bildirməsi doğru olmaz: "Paracüdo ilə biz yox, Milli Paralimpiya Komitəsi məşğul olur. Ümumiyyətlə, nə əvvəllər, nə indi, nə də bundan sonra paracüdo ilə əlaqədar heç bir tədbir planlaşdıra və iş görə bilmərik. Onlarla əlaqəmiz də yoxdur ki, bizi də məlumatlandırsınlar. Federasiyamız bu işlə məşğul olmur. Yalnız nə vaxtsa müraciət etdikdə, icazə veririk ki, gəlib milli komandanın cüdoçuları ilə birlikdə məşq etsinlər. Bu da nadir hallarda olur. Əvvəllər olurdu, amma son bir-iki ildə yoxdur. Özləri məşq edir, özləri təlim-məşq toplanışı keçirlər. Bir sözlə, bizə aidiyyatları yoxdur".

Rəsullu Hacıyevanın heç vaxt cüdo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasında olmadığını bildirib: "Ümumiyyətlə, yeni rəhbərlik olaraq, fəaliyyətə başladığımız 2021-ci ildən sonra cüdodan paracüdoya heç kim keçməyib. Hamısı 2021-ci ildən əvvəl olub. Necə baş verdiyi barədə isə bizdə məlumat yoxdur. Hazırda cüdodan paracüdoya keçmək istəyi ilə federasiyamıza müraciət edən idmançı yoxdur".