BAKI, 4 may. TELEQRAF

Azərbaycan cüdoçusu Camal Qamzatxanov Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanıb.

Teleqraf xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan Qamzatxanov həlledici görüşdə yerli Temur Raximova məğlub olub.

Eyni çəki dərəcəsində Kənan Nəsibov isə bürünc medal uğrunda qarşıdurmada Özbəkistan təmsilçisi Utkirbek Turoboyevə uduzub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları turniri daha öncə 2 qızıl və 1 gümüş medal əldə edib. Beləliklə, milli komanda Böyük Dəbilqəni 2 qızıl, 2 gümüş medalla ikinci pillədə başa vurub. İlk yeri isə 4 qızıl, 3 gümüş, 4 bürünc medalla Tacikistan tutub.