
BAKI. 17 mart. TELEQRAF
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsi boks idman növünün 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının proqramına salınmasını tövsiyə edib.
Teleqraf-ın məlumatına görə, bu barədə IOC-un hazırkı prezidenti Tomas Bax açıqlama verib.
Yekun qərar bu həftə Yunanıstanın Kosta-Navarino şəhərində keçiriləcək IOC-un 144-cü Sessiyasında qəbul olunacaq.
Boks yarışlarının yeni yaradılan World Boxing beynəlxalq federasiyasının bayrağı altında keçiriləcəyi bildirilir.
World Boxing 2023-cü ildə Beynəlxalq Boks Assosiasiyasına (IBA) alternativ kimi yaradılıb və IOC 2025-ci ilin fevralında bu qurumu dünyada boksu idarə edən təşkilat kimi təsdiqləyib. Sözügedən boks qurumuna 78 milli federasiya daxildir.
2024-cü ilin yayında IOC IBA-nı tanıdığı beynəlxalq federasiyalar siyahısından çıxarıb. IBA-ya 2020-ci ildən rusiyalı Umar Kremlyov rəhbərlik edir.
Qeyd edək ki, 2022-ci ilin fevralında təsdiqlənən Los-Anceles-2028 olimpiadasının proqramına boks daxil edilməyib. Paris-2024 Yay Olimpiya Oyunlarında boks yarışları IOC-un xüsusi qrupunun idarəçiliyi altında keçirilib.