
BAKI. 15 mart. TELEQRAF
"Ermənistan boksu ona görə belə vəziyyətdədir ki, burada çox təhlükəli insanlar var".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın aparıcı boksçusu Ohanes Baçkov news.am nəşrinə müsahibəsində deyib.
33 yaşlı idmançının sözlərinə görə, təhlükəli insanlar boksun nə olduğunu bilmədikləri və görmədikləri halda, o barədə danışırlar: "Onlar istəyirlər ki, yalnız Vladimir Yengibaryan olimpiya çempionu (Melburn-1956 - red.) kimi qalsın. Onlar istəmirlər ki, yeni dünya və ya olimpiya çempionumuz olsun. Onlar istəmirlər ki, əvvəlki nəticələr təkrarlansın".
Baçkovun fikrincə, Ermənistanda bu, təkcə boksda deyil, digər sahələrdə də belədir: "Kim cəmiyyətin hansısa hansısa sahəsində dahi, qəhrəman olmaq və bununla da yüksək nəticələrə nail olmaq istəyirsə və kimin belə nəticələri varsa, onu kökünü elə qazırlar ki, heç bir nəticəsi olmur. Bizim xalqın təbiəti belədir".
Baçkov bildirib ki, 2023-сü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatından iki gün əvvəl məşqdə sol əlini sındırıb, əzələlərini qırıb, haymoritə yoluxub, hərarəti isə 39-40 dərəcə olub. Bununla belə, o, mundialda çıxış edərək, bürünc medal qazanıb. Yarım il sonra isə Ermənistan boksçusu öz hesabına əməliyyat olunub:
"Əməliyyat sonrası dövrüm uzun çəkdi. 1 il 7 ayadək rinqə çıxmadım. Nəticədə Paris-2024 Yay Olimpiya Oyunları və Avropa çempionatından kənarda qaldım. Məni çox gec əməliyyat etdilər. Özü də bütün xərcləri özüm çəkdim. Mundialdan dərhal sonra əməliyyat olunsaydım, bu qədər müddətdə kənarda qalmazdım. Əmin edirəm ki, bu halda olimpiya çempionluğu şansım da olacaqdı".
Qeyd edək ki, Ohanes Baçkov orta çəkilərdə (63 - 64 kq) ikiqat Avropa çempionu, dünya çempionatlarının dördqat, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.