“Ölkəmizdə fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlara dövlət tərəfindən davamlı olaraq dəstək göstərilməsi, multikulturalizmin mənəvi irsimizi zənginləşdirən bir amil kimi təbliğ edilməsi də özü-özlüyündə bu sahəyə töhfə verməkdədir”.

Teleqraf xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva Din xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, dünyəvi dövlət olan Azərbaycanda dövlət və din münasibətlərinin əsası konstitusion səviyyədə təsbit edilmiş, bütün dini etiqadların qanun qarşısında bərabər olması, hər kəsin vicdan azadlığına malik olması, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməməsi və buna görə təqsirləndiriləbilməməsi kimi normalar konstitusiyada öz əksini tapıb:

“Konstitusiyamızın bərabərlik hüququnu təsbit edən 25-ci maddəsində də dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi qeyd olunub. Bununla yanaşı milli qanunvericilikdə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, dini cərəyanların yayılması və təbliği qadağan olunub.

Vurğulamaq istərdim ki, dini mənsubiyyətlə bağlı qeyd edilənlər Azərbaycanda yalnız qanunvericilik səviyyəsində deyil, real həyatda da müsbət formada tətbiqi müşahidə edilən məsələlərdir”.

Bu gün dinə münasibətlə bağlı müxtəlif yanaşmaların olduğunu deyən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, şagird və tələbələrə din haqqında məlumat vermək mümkündür, lakin təhsil sistemində dini təbliğ etmək düzgün deyil.

O vurğulayıb ki, orta məktəblərdə bu mövzular həyat bilgisi və tarix fənləri çərçivəsində, ali təhsil müəssisələrində isə multikulturalizm fənni, tarix fənni vasitəsilə tədris olunur:

“Dini məsələsində insanlar azad olmalı, hər kəs öz seçimini özü etməlidir".

FOTO: Elnur Muxtar